“Gənc İstedadların Dram Dünyası” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Gənc İstedadların Dram Dünyası” adlı teatr müsabiqəsi başa çatıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə may ayında start götürən və iki mərhələdən ibarət olan müsabiqədə 68 komandanın tərkibində ümumilikdə 646 məktəbli iştirak edib.

İyunun 8-də Naxçıvan şəhərində müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə çıxış edən təhsil naziri Elxan Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov müsabiqənin məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bədii-estetik dünyagörüşünün formalaşdırılması, teatr sənətinə marağının artırılması və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan danışıb, gənclərə yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra münsiflər heyətinin üzvləri müsabiqə ərzində nümayiş etdirilən tamaşalar, iştirakçıların hazırlıq səviyyəsi və layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Naxçıvan şəhər komandası müsabiqənin qalibi, Şahbuz və Ordubad komandaları ikinci, üçüncü yerlərin sahibi kimi qurum rəhbərləri tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqədə iştirak edən digər komandalar da təltif olunublar.  

Mükafatlandırmadan sonra qalib komandanın görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" əsəri əsasında səhnələşdirilən tamaşa ilə izləyicilərin qarşısında çıxış ediblər.

Qeyd edək ki, müsabiqənin məqsədi məktəblilərin teatr sənətinə marağının artırılması, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək verilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, eləcə də nitq mədəniyyəti, səhnə davranışı və ünsiyyət bacarıqlarının inkişafına şərait yaratmaqdan ibarət olub.